Ön söz
24-25 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzi tərəfindən təşkil olunan Azərbaycan Arbitraj Günləri keçirilmişdir. Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti bu tədbirdə tərəfdaş kimi iştirak etmişdir. Tədbir Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyeva, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Ədliyyə naziri Fərid Əhmədov, Avropa Şurasının keçmiş prezidenti Charles Michel və UNIDROIT-in keçmiş prezidenti Maria Chiara Malagutinin çıxışları ilə başlamışdır.
Tədbir çərçivəsində həm Azərbaycanın arbitraj mühiti, həm də beynəlxalq arbitraj praktikasına dair müxtəlif mövzuları əhatə edən panel müzakirələri keçirilmişdir. Panellərdə beynəlxalq kommersiya arbitrajı, neft və qaz sektorundan irəli gələn arbitraj mübahisələri, eləcə də arbitrajda dövlət siyasətinin rolu və digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Bu panellər arasında xüsusilə, yerli arbitaj mədəniyyətinin formalaşdırılması və investisiya arbitrajına həsr olunan müzakirələri qeyd etmək mümkündür. Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının bu Sayında mühüm hüquqi və praktiki əhəmiyyətini nəzərə alaraq, sözügedən iki mövzu üzrə keçirilən panel müzakirələrinin icmalı, eləcə də çıxışların stenoqramları toplanmışdır.
