Beynəlxalq arbitrajda üçüncü tərəf maliyyələşdirilməsi sazişlərinin açıqlanması: İplər kimin əlində?

12 Baku St. U. L.Rev. 119 (2026)
Məqalənin dili: İngilis.

Annotasiya
Üçüncü tərəf maliyyələşdirilməsi (bundan sonra ÜTM) beynəlxalq arbitrajın maliyyələşdirilməsi üçün önəmli bir üsul kimi ortaya çıxmışdır. Bu, kifayət qədər maliyyə imkanlarına malik olmayan iddiaçıların əsaslı iddialarını irəli sürməsinə imkan verir və tərəflərin prosedur risklərini likvidliyini tükətmədən idarə etməsinə şərait yaradır. Sığorta, kreditlər və ya kontingent və ya şərti ödənişli müqavilələrdən fərqli olaraq, ÜTM tarixdəki “maintenance” və “champerty” məhdudiyyətlərindən inkişaf edərək sürətlə böyüyən kommersiya fəaliyyəti halını almışdır. ÜTM ilə bağlı bəzi məsələlər üçüncü tərəf maliyyələşdiricilərinin mövcudluğunu və şəxsiyyətini açıqlamağı tələb edən institusional qaydalar vasitəsilə həll edilmişdir; lakin tənzimləmə strukturu hələ də tam dolğun deyildir.

Bu məqalə ÜTM ilə bağlı hüquqi və etik məsələləri araşdırır, arbitrların müstəqilliyi və qərəzsizliyinə təsir edə biləcək maraq toqquşmalarını, arbitraj strategiyası və prosesi üzərində təsirə yol aça biləcək hüquqşünas-müştəri-maliyyələşdirici üçbucaqlı münasibətini, həmçinin ÜTM-nin xərclərin bölgüsü və xərclərin təminatı üzərindəki təsirlərini işıqlandırır. Məqalə mövcud institusional açıqlama üsullarını təhlil edir və müəyyən hallarda – xüsusilə maliyyələşdiricilər güclü nəzarət və geniş ləğv hüquqlarına sahib olduqda və ya mənfi xərclərə görə məsuliyyəti məhdudlaşdırdıqda – arbitraj tribunalının maliyyələşdirmə müqaviləsinin əsas şərtlərinə çıxışa ehtiyacı olduğunu iddia edir. Beləliklə, prosedur ədalətliliyini və arbitraj proseslərinin etibarlılığını qorumaq üçün müvafiq açıqlama səlahiyyətləri və daha geniş institusional tənzimləmənin vacibliyini irəli sürür.