Beynəlxalq kommersiya arbitrajında konfidensiallığa hansı qanunvericilik tətbiq olunmalıdır?
12 Baku St. U. L.Rev. 208 (2026)
Çox hüquqşünas düşünür ki, mübahisələrin həlli yolu olaraq arbitrajı seçməyin ən böyük üstünlüklərindən biri onun daha konfidensial olmasıdır. Beləliklə, tərəflər arasındakı böyük mübahisələr rezonans doğurmayacaq və onların kommersiya maraqları qorunacaq. Bununla belə, kommersiya arbitrajında konfidensiallığın daha yaxından araşdırılması bir sıra hüquqi məsələləri gündəmə gətirir. Belə ki, əgər əsas məqsəd konfidensiallığın qorunmasıdırsa, əvvəlcə belə bir öhdəliyin sərhədləri, pozulmasının nəticələri, yəni bunu tənzimləyən hüquq müəyyənləşdirilməlidir. Qeyd olunan məsələ isə əsas sualı gündəmə gətirir: kommersiya arbitrajında konfidensiallıq suallarına hansı qanunvericilik tətbiq olunmalıdır?
Bu məqalədə yuxarıdakı suala cavab verilməsi üçün məlumatın konfidensiallığının kateqoriyalaşdırılması təklif olunur. Beləliklə, müəllifə görə, əvvəlcə konfidensiallıq sualları prosedural və maddi olaraq süzgəcdən keçirilməlidir. Müəllif, həmçinin təklif edir ki, bir qayda olaraq prosedural məsələlərə lex arbitri, maddilərə isə müqaviləyə və ya həmin razılaşmaya tətbiq olunan hüquq tətbiq olunmalıdır. Bunun üçün məqalədə əvvəlcə arbitrajda konfidensiallığın konseptual əsasları, daha sonra konfidensiallıq məsələlərinin kateqoriyaları müzakirə olunacaqdır. Sonda isə tətbiq edilə biləcək hüquq normaları təhlil ediləcək, prosessual və maddi konfidensiallıq məsələləri baxımından hansı hüququn tətbiq edilməli olduğu müəyyən ediləcəkdir.