Məqalənin dili: İngilis.
Annotasiya
Avropa İttifaqının Süni İntellekt (Sİ) Qanunu üzv dövlətlərə birgə formada süni intellekt üzrə xüsusi tənzimləyici mühitləri (sandbox) yaratmağa icazə verir və bu mühitlərdə iştirakın İttifaq daxilində qarşılıqlı tanınmasını nəzərdə tutur. Bununla yanaşı, Qanun test, nəzarət, sübutların formalaşdırılması və mühit çərçivəsində dəymiş zərərin birdən çox milli hüquq sistemi ilə bağlı olduğu hallarda sözügedən birgə tənzimləyici mühitlərin təşkil edilməsi qaydalarını ətraflı formada tənzimləmir. Bu məqalədə İspaniya-Çexiya əməkdaşlığı nümunəsi əsasında transsərhəd Sİ tənzimləyici mühitinin Qanunun 57 və 58-ci maddələri çərçivəsində hüquqi aspektdən mümkünlüyü və təcrübədə tətbiqi imkanları araşdırılır. Məqalə əvvəlcə Sİ tənzimləyici mühitlərinin hüquqi xarakterini və əsaslarını, daha sonra Qanunun geniş istisnalar modelindən daha çox rəhbərlik və nəzarətə əsaslanan bir modelə əsaslandığını izah edir. Əlavə olaraq, tənzimləyici mühitlərin nəticələrinin qarşılıqlı tanınmasına praktiki mane yaradan dörd tənzimləyici boşluq təhlil olunur: tənzimləyici mühitin sərt hüquqi məhdudiyyətlərinin aradan qaldırılmasının transsərhəd səviyyədə praktiki olaraq məhdud olması; üzv dövlətlərin tənzimləyici mühitlərdə birgə iştirakı üçün ümumi qəbul edilmiş meyarların olmaması; üzv dövlətlər arasında nəzarət səlahiyyətlərinin bölgüsündə institusional fərqlər; və nəzarət tədbirlərinə, o cümlədən nəticələrin transsərhəd hüquqi qüvvəsinin icra mexanizminin zəruriliyi. Yuxarıda göstərilənlərlə yanaşı, məqalədə xüsusi hüquqla bağlı problemlər də araşdırılır: Qanun üzrə məsuliyyət Avropa İttifaqı və üzv dövlətlərin milli qanunvericiliyinə uyğun qaydada müəyyən edilir, lakin birgə tənzimləyici mühitdə səlahiyyətli məhkəmə, tətbiq ediləcək hüquq və iştirakçılar arasında daxili reqres qaydaları müəyyən edilmir. Son olaraq, məqalədə xüsusi tənzimləyici mühitə qəbul meyarları, nəzarət rolları, eskalasiya prosedurları, uyğunlaşdırılmış qeydlər, maliyyə təminatı və sübutların qorunması üzrə münasibətlərin ətraflı ikitərəfli və ya çoxtərəfli protokol vasitəsilə tənzimləndiyi halda, sözügedən birgə tənzimləyici mühitlərin praktiki olaraq işlək ola biləcəyi nəticəsinə gəlinir.
