Buraxılış 12:2

“AI Washing” korporativ mühitdə yanlış təqdimatın yeni forması kimi

12 Baku St. U. L.Rev. 224 (2026)

Korporativ mühitdə yanlış təqdimat uzun müddətdir ki, maliyyə fırıldaqçılıqlarından və məhsullar haqqında şişirdilmiş iddialardan tutmuş, aldadıcı açıqlamalara qədər müxtəlif formalarda maliyyə bazarlarının bütövlüyünə təhlükə yaradır. Məqalədə belə pozuntuların yeni formalarından biri olan “AI washing” araşdırılır. Bu anlayış şirkətlərin bazar dəyərlərini artırmaq, investorları cəlb etmək və ya rəqabət üstünlüyü qazanmaq məqsədilə süni intellektdən (bundan sonra – Sİ) istifadə etdikləri barədə həqiqətə uyğun olmayan məlumatlar verməsini və ya bu imkanları olduğundan daha geniş göstərməsini ifadə edir. Elmi ədəbiyyatda “greenwashing” anlayışı geniş şəkildə araşdırılsa da, “AI washing”in yayılma səviyyəsi, hüquqi nəticələri və tənzimlənməsi məsələlərinə nisbətən daha az diqqət yetirilmişdir.

Məqalə bu boşluğu aradan qaldırmaq məqsədilə Sİ ilə bağlı şirkət iddialarının hansı hallarda qiymətli kağızlar bazarında hüquqi məsuliyyətə səbəb ola biləcək yanlış təqdimat hesab edildiyini və mövcud hüquqi tənzimləmənin, xüsusilə 1934-cü il Qiymətli Kağızlar Birjası haqqında Qanunun 10b-5 Qaydasının bu cür halları əhatə etmək üçün nə dərəcədə yetərli olduğunu araşdırır. Həmçinin məqalədə Sİ sistemlərinin texniki baxımdan şəffaf olmayan və sürətlə dəyişən təbiətinin bu sistemlərlə bağlı yanıldıcı iddiaların aşkar edilməsində yaratdığı çətinliklər də araşdırılır.

2020-2025-ci illərdə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (bundan sonra – Komissiya) təqdim edilmiş 5 000-dən çox sənədin məzmununun təhlili, greenwashing hallarına qarşı görülmüş tənzimləyici tədbirlərin müqayisəli araşdırılması və süni intellektlə bağlı son dövr hüquqi tədbirlərinin öyrənilməsi müəyyən nəticəyə gəlməyə əsas verir. Belə ki, şirkətlərin süni intellektlə bağlı iddiaları onların faktiki fəaliyyəti ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil etdikdə, “AI washing” 10b-5 Qaydasında nəzərdə tutulan məlumatın əhəmiyyətliliyi və aldatma niyyəti və ya həqiqətə qarşı ciddi etinasızlıq meyarları baxımından qiymətləndirilə bilər. Təhlil, həmçinin sübutlarla əsaslandırılmayan Sİ iddialarının şirkətlərin bazar dəyərində 15-20 faizlik artımla əlaqəli olduğunu və bu artımın həmin iddialar araşdırıldıqdan sonra aradan qalxdığını müəyyən edir. Bu isə “greenwashing” hallarına bənzər şəkildə investorların zərərə məruz qala biləcəyini göstərir.

Bu nəticələrə əsaslanaraq məqalədə Komissiya tərəfindən şirkətlərin məlumatvermə öhdəliklərinə dair Sİ-nin xüsusiyyətlərini nəzərə alan xüsusi təlimatların hazırlanması, auditorların rolunun genişləndirilməsi və özəl hüquqi müdafiə mexanizmlərindən istifadənin təşviq edilməsi üçün əlavə mexanizmlərin yaradılması təklif olunur. Bu islahatlar yeni texnologiyalar haqqında məlumatların sərbəst şəkildə paylaşılması imkanını qorumaqla yanaşı, şirkətlərin Sİ-dən istifadə ilə bağlı təqdim etdikləri məlumatların yoxlanıla bilməsini yaxşılaşdırmağa yönəlmişdir.

PDF yüklə

← Buraxılış 12:2-yə qayıt
Əvvəlki Beynəlxalq kommersiya arbitrajında konfidensiallığa hansı qanunvericilik tətbiq olunmalıdır? Növbəti İnvestor-dövlət mübahisələrində təcili arbitrajın inkişaf etdirilməsi: İnstitusional səviyyədə daha geniş tətbiqə çağırış