Gücləndirilmiş müştəri autentifikasiyası: hüquqi tənzimləmə və tətbiq problemləri
12 Baku St. U. L.Rev. 348 (2026)
Son dövrlərdə rəqəmsal ödəniş xidmətlərinin geniş yayılması nəticəsində bu əməliyyatların təhlükəsizliyinin təmin edilməsi aktuallıq kəsb edən məsələlərdən birinə çevrilmişdir. Bu kontekstdə gücləndirilmiş müştəri autentifikasiyası (bundan sonra – GMA) ödənişlərin təhlükəsizliyinin artırılmasında mühüm rol oynayır. Bununla belə, GMA-nın tətbiqi autentifikasiya elementlərinin düzgün müəyyənləşdirilməsi, müxtəlif texnoloji vasitələrin hüquqi qiymətləndirilməsi, autentifikasiyadan istisnaların əsaslandırılması və əməliyyat risklərinin qiymətləndirilməsi ilə bağlı hüquqi suallar yaradır. Məqalədə GMA-nın hüquqi və praktiki aspektləri Azərbaycan Respublikasının qanunvericiliyi, Avropa İttifaqının İkinci Ödəniş Xidmətləri Direktivi (PSD2), müvafiq Tənzimləyici Texniki Standartlar (RTS) və Avropa Bank Təşkilatının (EBA) yanaşmaları əsasında müqayisəli şəkildə təhlil edilir. Tədqiqat çərçivəsində autentifikasiya elementlərinin müstəqilliyi, kart rekvizitləri, birdəfəlik parollar və biometrik məlumatlar kimi vasitələrin GMA tələblərinə uyğunluğu, eləcə də autentifikasiyadan istisnaların hüquqi əsasları araşdırılır. Həmçinin aşağı riskli əməliyyatların müəyyən edilməsi, risk göstəricilərinin monitorinqi və ödəniş xidməti təchizatçılarının bu prosesdəki rolu nəzərdən keçirilir. Təhlil nəticəsində milli tənzimləmənin praktiki tətbiqində hüquqi müəyyənliyin artırılmasına ehtiyac olduğu müəyyən edilir. Bu baxımdan GMA elementlərinin müəyyənləşdirilməsi üzrə daha konkret meyarların hazırlanması, müvafiq tələblərin tətbiqinə dair praktiki izahların verilməsi, istisnaların tətbiqi şərtlərinin aydınlaşdırılması, monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də ödəniş xidməti təchizatçıları arasında risk məlumatlarının mübadiləsinin gücləndirilməsi təklif olunur.