Məqalənin dili: İngilis.
Annotasiya
Son dövrlərdə beynəlxalq siyasi mübahisələrin əsas mərkəzində iqtisadi inkişaf üçün həyati əhəmiyyət daşıyan xammallar dayanır. Kobalt, platinium, litium kimi müasir texnoloji alətlərin istehsalında kritik dərəcədə önəmli xammallara tələbat qlobal səviyyədə artmaqdadır. Ümumilikdə, kritik xammalların emalı, işlənməsi və istehsalatı təchizat zəncirinin mərhələlərini təşkil edir və uzun müddətə, külli miqdarda investisiyaların cəlbi ilə həyata keçirilməkdədir. Bu səbəblə xarici investorların qısa dövr ərzində böyük mənfəət əldə etmək niyyəti onların insan həyat və sağlamlığına hörmət, ətraf mühitin mühafizəsi kimi beynəlxalq sferada qəbul edilmiş tələblərə laqeyd yanaşmasına səbəb olur. Xüsusilə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının bu investisiyalardan asılı olması, həmin ölkələrdə belə pozuntulara “göz yumulma”sına və nəticədə dövlətlərin öz üzərinə götürdüyü bir çox beynəlxalq öhdəliklərin tapdalanmasına gətirib çıxarır. Göstərilənlərə əsasən, kritik xammal sektorunun “dayanıqlı” inkişafı, yerli əhalinin rifahının təmin edilməsi və ətraf mühitin mühafizəsi üçün olduqca önəmlidir. Hazırkı məqalədə bu sektorda xarici investorların öhdəlikləri araşdırılmış və beynəlxalq təcrübə detallı təhlil edilmişdir. Eyni zamanda bu sahədə ən detallı tənzimləməni aparan Avropa Birliyi tərəfindən qəbul edilmiş Kritik Xammal Aktı və digər sənədlər tətbiq sahəsi, tənzimlədiyi subyektlər və investorlar üçün qoyduğu öhdəliklər baxımından nəzərdən keçirilmiş və müvafiq boşluqlar təsbit edilmişdir. Bundan əlavə, məqalədə Azərbaycan Respublikasında kritik xammalların mövcudluğu, bu sahədə investisiya mühitinin tənzimlənməsi və xarici investorların hüquqi öhdəlikləri araşdırılmışdır.
